“Əsrin müqaviləsi” - Milli uğur strategiyası

Sdílet
Vložit
  • čas přidán 22. 09. 2019
  • Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin inkişafının maliyyələşdirilməsi və yaxın ölkələrlə razılaşmalar yolu ilə regional sabitliyin və inkişafın təşviqi istiqamətində öz neft sənayesini xarici investisiyalar üçün açdı. Hökumətin hazırladığı milli strategiya 1994-cü ilin sentyabrında, Azərbaycan üçün tarixi bir gündə - Hasilatın pay bölgüsü haqqında Sazişin (HPBS) imzalanması ilə nəticələndi. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 3 əsas neft yatağını - “Azəri”, “Çıraq” yataqlarını və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsini əhatə edən sahənin işlənməsi haqqında həmin saziş Dövlət Neft Şirkəti ilə 7 ölkədən olan 11 xarici neft şirkəti arasında imzalandı.
    İlkin olaraq 30 il müddətinə imzalanan və 2017-ci ildə əsrin ortalarınadək uzadılan saziş keçmiş Sovet ittifaqının hər hansı bir ölkəsinə qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.
    Ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq bu şirkət 6 ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən təşkil olunub.
    1999-cu ilin iyunundan etibarən BP Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə operatorluq funksiyasını öz üzərinə götürüb.
    Hazırda “Azəri”, “Çıraq” yataqlarını və “Günəşli” yatağından gündəlik təxminən 550 min barrel neft hasil olunur. Həmin neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.
    Azərbaycanla 25 illik uğurlu əməkdaşlıq xarici neft şirkətlərinin Azərbaycan hökuməti və SOCAR ilə dənizdə hasilat platformaları, sualtı boru kəmərləri, quruda saxlama və beynəlxalq bazarlara ixrac sistemlərini əhatə edən dünya səviyyəli layihəni birgə həyata keçirməyin mümkünlüyünü nümayiş etdirib.
    Bu, investorların inamını artırıb və beynəlxalq aləmdə Azərbaycanın uğurlu biznes məkanı kimi tanınmasına imkan yaradıb.
    “Azəri”, “Çıraq” yataqlarını və “Günəşli” yatağının işlənməsinin misilsiz uğurunu nəzərə alaraq, Azərbaycan hökuməti və tərəfdaşlar düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 2017-ci il sentyabrın 14-də imzalayaraq sazişin müddətini əsrin ortalarına qədər uzadıblar. Yeni saziş Bakıda, Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb.
    Yeni saziş hökumətə və investorlara “Azəri”, “Çıraq”, “Günəşli” -nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard dollardan çox kapital qoymağa imkan verir.
    Beynəlxalq səviyyədə bu layihənin uğuru Azərbaycandan gələn enerjinin strateji əhəmiyyətini əks etdirir. Layihə qapalı hövzə olan Xəzər dənizindən dünya bazarlarına tamamilə yeni bir marşrut açıb. Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri “Azəri”, “Çıraq”, “Günəşli” layihəsinin həyata keçirilməsinin vacib və ayrılmaz tərkib hissəsidir.
    Hazırda “Azəri”, “Çıraq”, “Günəşli” yatağından hasil olunan həcmin böyük hissəsi dünya bazarlarına bu boru kəməri vasitəsilə çatdırılır. Bakı-Tbilisi-Ceyhan 3 ölkənin ərazisindən keçərək 1768 kilometr məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir.
    Bakı-Tbilisi-Ceyhan boru kəməri tranzit əraziyə malik ölkələr üçün xeyli gəlir gətirib, Azərbaycan, Gürcüstan, Türkiyə və qərb arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə kömək edib. Bu kəmərin ötürücülük qabiliyyəti gündəlik 1 milyon barrel təşkil edən layihə gücündən hazırda sutkalıq 1,2 milyon barrelə qədər artırılıb. Bu günədək həmin boru kəməri vasitəsilə təxminən 3,3 milyard barrel xam neft Xəzərdən Aralıq dənizinə təhlükəsiz və etibarlı şəkildə nəql olunub.

Komentáře • 1

  • @user-le8pv2fz6v
    @user-le8pv2fz6v Před 4 lety +1

    Heydar Baba Yolunda Ilham Ata Yaninda 👪💑👫👬👭💓💞💕💖💗💝💟👍✌👏